Bakı. Trend:
Təmiz Enerji Mərkəzinin açılması Azərbaycanın ECO çərçivəsində fəal mövqeyinə və "təmiz" enerjinin irəlilədilməsinə töhfəsinə uyğundur.
Trend xəbər verir ki, bunu ECO-nun baş katibi Əsəd Xan ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılış mərasimində çıxışı zamanı bildirib.
“Bakıda ECO-nun "yaşıl" enerji mərkəzinin yaradılması, UNIDO ilə birgə həyata keçirilərək, "təmiz" enerji gündəliyinə kollektiv bağlılığımızın mühüm göstəricisidir. Bu Mərkəz dayanıqlı enerjiyə yönəlmiş ECO Regional Elektrik Enerji Bazarı layihəsinə töhfə verərək, transformasiya prosesində əsas rol oynayacaq. Mərkəzin yaradılması ideyası ECO və UNIDO arasında aparılan məsləhətləşmələr nəticəsində meydana gəlib.
Layihənin əsas məqsədi üzv dövlətlərin müasir, əlçatan, etibarlı və ekoloji cəhətdən dayanıqlı enerji xidmətlərinə çıxışını genişləndirmək, enerji təhlükəsizliyini təmin etmək və enerji sektorunun ətraf mühitə mənfi təsirini azaltmaqdır.
Mərkəz dayanıqlı enerji bazarlarının inkişafı və investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradacaq. Əminik ki, bu mərkəz qlobal dayanıqlı enerji üzrə regional mərkəzlər şəbəkəsinin mühüm bir elementi olacaq. Mərkəzin Azərbaycanda yerləşdirilməsi təşəbbüsü üçün xüsusi təşəkkürümüzü bildiririk. Bu qərar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ECO çərçivəsində fəal mövqeyinə və "təmiz" enerjinin irəlilədilməsinə verdiyi töhfəyə tamamilə uyğundur”, – deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.