...

COP for Hope: COP29 beynəlxalq təcrübəni öyrənmək üçün dəyərli imkan yaradır (ÖZƏL) (FOTO)

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2024 16:48 (UTC +04:00)
COP for Hope: COP29 beynəlxalq təcrübəni öyrənmək üçün dəyərli imkan yaradır (ÖZƏL) (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz İsrailin Energetika və İnfrastruktur Nazirliyinin bərpa olunan enerji mənbələri şöbəsinin rəhbəri Kineret Dahan Qranitdir.

COP29 çərçivəsində K.D.Qranit Trend-ə özəl müsahibəsində bu tədbirin beynəlxalq təcrübəni öyrənmək üçün dəyərli imkan yaratdığını vurğulayıb.

“Bu tədbir enerji istehsal mənbələrinin şaxələndirilməsinin vacibliyini bir daha önə çıxarır. Burada, Bakıda keçirilən COP29 konfransında öyrəndik ki, bəzi çağırışlar ümumi xarakter daşıyır. Bir çox ölkələr enerji şəbəkələrinin məhdudiyyətləri ilə üzləşir və bərpa olunan enerji mənbələrinin iqtisadiyyatın inkişafında, iş yerlərinin yaradılmasında və enerji təhlükəsizliyinin gücləndirilməsində əsas rol oynadığını ümumi şəkildə dərk edirlər”, – deyə o bildirib.

K.D.Qranit COP29 tədbirinin inanılmaz bir hadisə olduğunu xüsusi qeyd edib.

“Tədbir ən yüksək səviyyədə təşkil olunub və biz Azərbaycanın Qərb ilə Şərq, Şimal ilə Cənub arasında körpü roluna səmimi heyranlıqla baxırıq. Burada öyrəndiklərimiz və gördüklərimiz bizi ruhlandırır. Ümid edirik ki, dayanıqlı və səmərəli tərəfdaşlıq əlaqələri quracağıq. COP29 çərçivəsində digər ölkələrdə qəbul edilən innovativ tədbirlərlə tanış olduq və Almaniya ilə əməkdaşlıq haqqında saziş imzaladıq. Burada çox şeyə nail olduq və məqsədimiz bu bilikləri İsraildə tətbiq etməkdir”, – deyə o əlavə edib.

Bundan əlavə, Qranit vurğulayıb ki, son illərdə İsraildə bərpa olunan enerji sektoru sürətlə inkişaf edir.

“Lakin ölkəmiz məhdud ərazi və ekstremal istilik kimi unikal çağırışlarla üzləşir. Enerji istehsalı ilə bağlı relyefimizdə arxalana biləcəyimiz nə çaylar, nə də dağlar var. İsrail iqlim dəyişikliyinə qarşı qlobal səyləri çox ciddi qəbul edir və bunu milli gündəliyin mühüm bir hissəsi hesab edir.

Məqsədimiz 2030-cu ilə qədər enerji istehsalının 30 faizini bərpa olunan mənbələrdən təmin etməkdir. Bunu əldə etmək üçün müxtəlif və innovativ yollarla çalışmalı, mühüm əməkdaşlıqlar və tərəfdaşlıqlar yaratmalıyıq.

Milli bərpa olunan enerji hədəflərimizə çatmaq üçün bir çox səviyyələrdə fəaliyyət göstəririk. Bu baxış 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq öhdəliyimizə uyğun gəlir və eyni zamanda, enerji sektorunun təhlükəsizliyini, davamlılığını, etibarlılığını və səmərəliliyini təmin edir”, – deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti