...

COP29 çərçivəsində Azərbaycan rəssamı Aida Mahmudovanın “Funksionallıqdan kənar” sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 15 Noyabr 2024 14:56 (UTC +04:00)
COP29 çərçivəsində Azərbaycan rəssamı Aida Mahmudovanın “Funksionallıqdan kənar” sərgisi keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı 11-13 noyabr 2024-cü il tarixlərində COP29 çərçivəsində Azərbaycan rəssamı Aida Mahmudovanın “Funksionallıqdan kənar” sərgisini, həmçinin, “İncəsənət və iqlim dəyişikliyi” adlı birgünlük simpoziumu təqdim edib.

Bu barədə Trend-ə YARAT-dan bildirilib.

“Funksionallıqdan kənar” – Aida Mahmudovanın Azərbaycan mədəni irsinin dərindən araşdırılması istiqamətində apardığı bədii təcrübələrini əks etdirən sərgidir. Rəssam təbiətdən ilhamlanaraq, onun relyefi, canlı aləmi, iqlim şəraitinin möhtəşəm gözəlliyini daima öz yaradıcılığında ifadə edir. O, son illər ərzində əsərlərini müxtəlif teksturalı, fərqli tərkibli təbii materiallardan istifadə edərək yaradır.

Aida Mahmudova sərgini həyata keçirərkən, yalnız emalatxanada çalışmaqla kifayətlənməyib, yerli sənətkarlar ilə birgə əməkdaşlıq quraraq, ənənəvi Azərbaycan incəsənətinə müasir çalarlar əlavə edib. Rəssamın 2024-cü ildə ərsəyə gətirdiyi “Funksionallıqdan kənar” adlı keramika nümunələri silsiləsi, material və hekayənin dərinliklərinə vararaq, ənənə ilə müasirlik arasında poetik əlaqə qurur, bu saxsı qabların klassik formalarına yenidən nəzər salır. Aida Mahmudova Azərbaycan mənzərələrindən ibarət fotoarxivindən ilhamlanaraq, dekol üsulu ilə şəxsi hekayələri və xatirələri silsilə əsərlərində təsvir edir.

“İncəsənət və iqlim dəyişikliyi” simpoziumu incəsənət təbliğatı, iqlim qayğısı və dayanıqlı gələcəyə həsr olunmuşdur. Bu unikal tədbirin ideya və konsepsiya müəllifi Aida Mahmudovadır. Dörd fərqli mövzuda panel sessiyalarından ibarət simpoziumda çıxış edən spikerlər müxtəlif xarici ölkələrdən dəvət olunmuşdular.

1-ci panelin mövzusu: Ekoloji Gündəliklərin Mədəniyyət Müəssisələrində Proqramlaşdırılması
Spikerlər: Will Glendinning (Səudiyyə Ərəbistanı), Elmurod Najimov (Özbəkistan), Jamila Nurkalieva (Qazaxıstan)
Moderator: Zəhra Məmmədova

2-ci panelin mövzusu: Dayanıqlılıq və İncəsənət Bazarı
Spikerlər: Leila Heller (Nyu-York/Dubay), Aleksei Afanasiev (BƏƏ), Meagan Horsman (BƏƏ)
Moderator: Mila Askarova (“Gazelli Art House”-un təsisçi direktoru, Azərbaycan/Böyük Britaniya)

3-cü panelin mövzusu: Vizual İncəsənətdə Post-Sosialist Antroposen haqqında Əsas Təqdimat
Spiker: Reuben Fowkes (Böyük Britaniya)

4-cü panelin mövzusu: Vision Art Platform Jurnalı Xüsusi Buraxılışının Təqdimatı
Spiker: Fırat Arapoğlu (İstanbul, Türkiyə)

Xəbər lenti

Xəbər lenti