Bakı.Trend:
COP29 çərçivəsində “AzərEnerji” ASC, SOCAR Trading və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında karbon kreditlərinə dair üçtərəfli sənəd imzalanıb.
Bu barədə Trend-ə “AzərEnerji” dən məlumat verilib.
Sənədə əsasən “Ansaldo Energia” şirkəti Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 2023-cü ildə tikilərək istismara verilən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyalarında istehsal edilən sıfır emissiyalı elektrik enerjisi üzrə gələcəkdə yaradılacaq karbon kreditlərini almaq niyyətini təsdiqləyib.
Qeyd edək ki, 2024-cü ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən
“Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su
elektrik stansiyaları üçün karbon sertifikatlarının alınması və
bununla karbon kreditləri üzrə könüllü bazarda iştirakın təmin
edilməsi məqsədilə “Azərenerji” ASC və “SOCAR Trading” əməkdaşlığı
çərçivəsində Qətərdə yerləşən “Global Carbon Council” qurumlarına
müraciət edilib.
Qeydiyyat proseduru bitmək üzrə olan beş kiçik su elektrik
stansiyasının fəaliyyəti nəticəsində il ərzində 30 min ton karbon
dioksid qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə
tutulub.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir.