Bakı. Trend:
Azərbaycanda Təmiz Enerji Mərkəzi regional dayanıqlı enerji bazarlarının inkişafı və investisiyaların cəlbi üçün əlverişli şərait yaradacaq.
Trend xəbər verir ki, bu barədə ECO-nun baş katibi Əsəd Xan ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılış tədbirində çıxışı zamanı bildirib.
“Mərkəz regional dayanıqlı enerji bazarlarının inkişafı və investisiyaların cəlbi üçün əlverişli şərait yaradacaq. Əminik ki, bu mərkəz qlobal dayanıqlı enerji üzrə regional mərkəzlər şəbəkəsinin vacib elementi olacaq”, – deyə o vurğulayıb.
Baş katib resursların səfərbər edilməsinin sürətləndirilməsinin, o cümlədən, ilkin maliyyələşdirmənin artırılması istiqamətində bütün maraqlı tərəflərin səylərini ikiqat artırmasının vacibliyini xüsusi qeyd edib.
“Regional enerji gündəliyinin irəlilədilməsi bütün maraqlı tərəflərin fəal iştirakını tələb edir. Elə regional siyasətlər hazırlanmalıdır ki, bu gün üçün effektiv olmaqla yanaşı, dəyişən enerji mənzərəsinə də uyğunlaşdırıla bilsin.
Aydındır ki, layihənin uğurla həyata keçirilməsi üçün üzv dövlətlər arasında davamlı dialoq lazımdır. Bu dialoq dayanıqlı regional enerji gündəliyinin formalaşdırılması üçün yeni yanaşmalar və alətlərin axtarışına yönəldilməlidir.
Bu baxımdan, üzv dövlətləri müzakirələrdə fəal iştirak etməyə və proqram fəaliyyətləri mərhələsinə keçməyə çağırırıq. Əminik ki, mərkəz təmiz enerji sahəsində ümumi hədəflərimizin həyata keçirilməsi üçün vacib bir institut olacaq və üzv dövlətlərin dəstəyinə güvənirik”, – deyə baş katib vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.