...

2030-cu ilə qədər Özbəkistan ildə 55 milyard kVt/saat təmiz elektrik enerjisi istehsal etməyi planlaşdırır

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2024 15:06 (UTC +04:00)
2030-cu ilə qədər Özbəkistan ildə 55 milyard kVt/saat təmiz elektrik enerjisi istehsal etməyi planlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ilə qədər Özbəkistan ildə 55 milyard kilovat-saat təmiz elektrik enerjisi istehsal etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Özbəkistan üçün yaşıl iqtisadiyyata keçid hədəflərini müəyyən etdik. Bu strategiyanın əsas məqsədləri bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sektorlarında enerji səmərəliliyinin iki dəfə artırılması və mövcud istilik elektrik stansiyalarının modernləşdirilməsi hesabına təbii qaz istehlakının azaldılmasıdır.

2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin, xüsusilə günəş enerjisinin ümumi quraşdırılmış gücü 9 000 meqavattı ötəcək. Külək enerjisinə gəldikdə isə, biz artıq 12 000 meqavatdan çox güc üçün müqavilələr imzalamışıq", - deyə Ümid Mamadaminov bildirib.

Onun sözlərinə görə, Özbəkistan 4 000 meqavatdan çox enerji saxlama sistemləri üçün müqavilələr imzalayıb ki, bu da enerji şəbəkəsinin sabitliyini artırır.

"2030-cu ilə qədər biz ildə 55 milyard kilovat-saat təmiz elektrik enerjisi istehsal etməyi planlaşdırırıq ki, bu da 17 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Dəyişkən enerji mənbələrinin inteqrasiyası üçün enerji ötürülməsi və paylanması üzrə əlçatan gücləri təmin etməli, eləcə də qabaqcıl avtomatlaşdırılmış sistemləri tətbiq etməliyik.

2030-cu ilə qədər təxminən 10 000 kilometr elektrik ötürücü xəttini istismara verməyi planlaşdırırıq. Qonşu ölkələrlə əlaqələr bizə bərpa olunan enerji mənbələrindən istehsal olunan artıq elektrik enerjisini satmağa imkan verəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti