Bakı. trend:
Bakıda baş tutan danışıqlarda maliyyə və iqlim böhranının təsrinin azaldılması əsas məsələdir.
Trend xəbər verir ki, bu barədə Almaniya Federal Xarici İşlər İdarəsinin iqlim təhlükəsizliyi şöbəsinin rəhbəri Kristina Vegeleyn “Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə Bakı Çağırışı”nın mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, iqlimin daha müsbət olması üçün humanitar aksiyanı dəstəkləmək lazımdır.
“Üzləşdiyimiz böhranlar bir-birinə təsir edir və daha da şiddətləndirir. Bunun nəticələrini isə insanlar hiss edir. Buna görə də biz həll yollarını da düşünməliyik. İqlim böhranını və ya qeyri-sabitliyi təkbaşına həll edə bilmərik.
Tapdığımız bütün təşəbbüslərlə bizdə belə bir hiss var idi ki, qüvvələrimizi birləşdirsək və bu məsələni birlikdə həll etsək, yaxşı olar. Bu, Bakı çağırışının atdığı addımdır.
Bu COP-da iqlimin maliyyələşdirilməsinin vacib olduğunu dedikdə, əlbəttə ki, hamımız bunun rəqəmlərlə bağlı olduğunu bilirik. İqlim böhranındam təsirlənən ölkələr üçün daha çox vəsait olmalıdır. Bu, həmişə təmin olunmur. Xərclənən vəsaitlərin ən həssas təbəqələrə, münaqişədən təsirlənənlərə və onların iqlim fəaliyyət planına uzun müddət ərzində çatmasını istəyirik”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.