...

Dünya qlobal texnoloji sistemlərin parçalanması ilə üzləşə bilər - Peyanoviç-Durişiç

Siyasət Materials 14 Mart 2026 14:07 (UTC +04:00)
Dünya qlobal texnoloji sistemlərin parçalanması ilə üzləşə bilər - Peyanoviç-Durişiç
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Artan geosiyasi gərginlik və yüksək texnologiyalar sahəsində məhdudiyyətlər fonunda dünya qlobal texnoloji sistemin paralel ekosistemlərə parçalanması ilə üzləşə bilər.

Trend xəbər verir ki, bunu Monteneqronun keçmiş müdafiə naziri Militsa Peyanoviç-Durişiç bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, son onilliklər ərzində dünya texnoloji sistemi vahid və qarşılıqlı əlaqəli məkan kimi inkişaf edib; bu sistemdə innovasiyalar müxtəlif ölkələrdə yaradılır, təchizat zəncirləri, standartlar və infrastruktur isə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərirdi.

“Bu gün biz yeni tendensiyanın şahidi oluruq: qlobal innovasiya sistemi müxtəlif standartlara, təchizat zəncirlərinə və texnoloji platformalara malik paralel ekosistemlərə bölünə bilər”, – deyə o qeyd edib.

Peyanoviç-Durişiç vurğulayıb ki, bu cür proseslər çox vaxt ABŞ və Çin arasında rəqabət prizmasından qiymətləndirilsə də, onların nəticələri qlobal xarakter daşıyır və bütün ölkələrə təsir göstərir.

O, buna misal olaraq yarımkeçiricilər sektorunu göstərib. Bildirib ki, bir mikrosxemin istehsalı bir ölkədə layihələndirməni, digər ölkədə yığılmanı, üçüncü ölkədə isə istifadəsini ehtiva edə bilər.

“Bu gün isə belə model ixrac məhdudiyyətləri və qlobal texnoloji istehsalın strukturunu dəyişən yeni sənaye strategiyaları səbəbindən təzyiq altındadır”, – o bildirib.

Onun sözlərinə görə, getdikcə daha çox dövlət yarımkeçirici istehsalı da daxil olmaqla strateji əhəmiyyətli sahələrdə öz istehsal imkanlarını inkişaf etdirməyə çalışır ki, bu da tədricən daha çox regionallaşmış texnoloji sistemlərin formalaşmasına gətirib çıxarır.

O əlavə edib ki, texnoloji rəqabətin güclənməsi dünya iqtisadiyyatında uzunmüddətli dəyişikliklərə səbəb ola və beynəlxalq əməkdaşlığa yeni yanaşmalar tələb edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti