Bakı. Trend:
İstehlakçıları razı salacaq və inkişafı təşviq edəcək mühit yaratmaq vaxtı yetişib.
Trend xəbər
verir ki, bunu Parlamentlərarası İttifaqın (Inter-Parliamentary
Union) prezidenti
Tulia Ackson bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində
keçirilən "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və
innovasiyanın etikası" adlı panel müzakirələrində çıxışı zamanı
bildirib.
Onun sözlərinə görə, istifadə olunan və hazırlanmış alətlər əksər hallarda hər kəs üçün əlçatan olmalıdır:
"Biz ittifaq olaraq qətnamə qəbul etmişik. Həmin qətnamədə hazırda mövcud boşluqlar göstərilir. Süni intellektin insan hüquqlarına və demokratiyaya təsirini ortaya qoyuruq. Qarşımızda duran vəzifə yalnız qanun qəbul etmək deyil, eyni zamanda şəffaflığın təmin edilməsini də həll etməkdir.
Biz istərdik ki, nəzarətçi orqanlar və qurumlar buna nail olsun. Sözügedən məsələ yalnız hökumətin gördüyü işdən ibarət deyil. Özəl sektor da parlament iclaslarına qatılaraq töhfə verə bilər. Bu cür forumlar bizi bir araya gətirir və qarşımızda konkret vəzifələr qoyur. Ölkəyə aid məsələlərdə parlamentlərarası iş birliyini gücləndiririk. Eyni zamanda, özəl sektor da insanların problemləri ilə bağlı fikirlərini bildirə bilsin".
