Bakı. Trend:
Dünya Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əhəmiyyətli dərəcədə geri qalır və bir çox insanlar hələ də normal həyat üçün tələb olunan şəraitə malik deyil.
Trend xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tikinti və torpaq qiymətlərinin artmaqda davam etməsi səbəbindən hökumətlərin mənzil problemini həll etmək imkanları məhdud olaraq qalır.
“Mənzil bahadır. Dünyanın hər yerində dövlətlər üçün mənzil proqramlarını maliyyələşdirmək çətindir, ələlxüsus da söhbət subsidiyalardan gedirsə. Torpaq isə xüsusilə inkişaf etmiş infrastruktura malik ərazilərdə bahadır”, – deyə Rossbax qeyd edib.
O vurğulayıb ki, şəhərlərin kənar ərazilərində həyata keçirilmiş bir çox yaşayış tikintisi layihələri səmərəsiz olub.
“Biz bir çox hallara şahid olmuşuq ki, mənzillər periferiyada inşa olunub, lakin belə layihələr işləmir – insanlar yenidən şəhərlərə qayıdırlar, çünki məhz orada iş yerləri, xidmətlər və imkanlar mövcuddur”, – o bildirib.
Rossbaxın sözlərinə görə, mövcud mənzil böhranını həll yanaşmaları məhduddur və ciddi dəyişikliklər tələb edir.
“Bir çox həll yolları parçalanmış xarakter daşıyır və real şəraitə uyğun gəlmir. Dərin transformasiyalar tələb olunur, – deyə o vurğulayıb.
O qeyd edib ki, mənzil məsələsi dövlətlər üçün siyasi prioritet olmalıdır.
“Həqiqi vəziyyəti qəbul etməli, torpaq siyasətinin və şəhərsalma planlaşdırmasının formalaşdırılmasında bunu nəzərə almalı və investisiyaların həcmini artırmalıyıq”, – Rossbax bildirib.
Onun sözlərinə görə, irəliləyiş əldə etmək üçün maliyyə imkanlarını genişləndirmək və daha çevik yanaşmalar tətbiq etmək vacibdir.
