Bakı. Trend:
Bu gün Avropa İttifaqı struktur baxımından ABŞ-dən və Çindən asılıdır.
Trend xəbər verir ki, bunu Latviyanın eks prezidenti (2019–2023) Egils Levits bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası" adlı panel müzakirələrində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, cəmiyyət və iqtisadiyyat rəqəmsal texnologiyaya əsaslanır:
"Rəqəmsal infrastruktur neytral alət deyil, o, müəyyən dəyərləri, ideologiyanı və özünəməxsus yanaşmaları əks etdirir. Bunu nəzərə almaq vacibdir. Bu gün Avropa İttifaqının qarşısında üç seçim var: ABŞ-dən uzunmüddətli asılılığı qəbul etmək və bununla oliqarxların nəzarətinə razılıq vermək. Bu, etik və siyasi baxımdan ciddi suallar doğurur.
Çinlə açıq əməkdaşlıq yaratmaq, çünki Çin kifayət qədər əməkdaşlığa açıq bir ölkədir. Üçüncu seçim isə Avropanın öz rəqəmsal gücünü yaratmaq və müstəqil texnoloji imkanlarını artırmaq ola bilər".
O qeyd edib ki, informasiya erasındakı layihələr bu məqsədlə həyata keçirilə bilər:
"Avropa Parlamentinin mövqeyi də bu istiqamətdədir. Bu, o demək deyil ki, Avropa dünyanı idarə etməlidir; sadəcə hüquqi çərçivədə üstünlük verilən seçim budur. İnformasiya və iqtisadi təhlükəsizlik, süni intellekt kimi vasitələrə malik olan tərəfin əlində təmin oluna bilər. Hazırda ABŞ bu imkanlara sahibdir, Çin isə avtoritar sistemdə fəaliyyət göstərir. Avropanın texniki potensialı isə kifayət qədər böyükdür.
Bizə lazım olan odur ki, siyasi iradə göstərək və maliyyə dəstəyi təmin edək. Digər məsələlərdə, rəqəmsal suverenliyə gəldikdə və müqayisə aparıldıqda, Avropanın imkanları genişləndirilməlidir. Sənaye siyasəti sərtləşdirilə bilər, lakin Avropa İttifaqı səviyyəsində bu mövzuda fikir ayrılığı mövcuddur. Amma biz görürük ki, bunu dəstəkləyənlərin sayı kifayət qədər çoxdur".
