Bakı. Trend:
Turizm, İKT, mədəniyyət və energetika Azərbaycan ilə Misir arasında əməkdaşlıq üçün ən böyük potensiala malik sahələr sırasındadır.
Bunu Trend-ə Misirin keçmiş Planlaşdırma, İqtisadi İnkişaf və Beynəlxalq Əməkdaşlıq naziri Raniyə Əl-Maşat bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində bildirib.
O qeyd edib ki, Azərbaycan və Misir həmçinin kino sənayesi və ali təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər. Bu əməkdaşlıq çərçivəsində ölkələr arasında tələbə mübadiləsi proqramları vasitəsilə Əl-Əzhər Universiteti ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi də nəzərdə tutulur.
Əl-Maşat Azərbaycanın neft sektorunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək bildirib ki, əməkdaşlıq enerji sahəsində də genişlənə bilər.
“Azərbaycanda neft sektorunda görülən işlər bizi çox təsirləndirir. Misir də neft və qaz sahəsini fəal şəkildə inkişaf etdirir və bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək”, – deyə o əlavə edib.
Sabiq nazir həmçinin iki ölkə arasında qlobal təşəbbüslər və beynəlxalq forumlar çərçivəsində əməkdaşlığın artdığını vurğulayıb. Misir COP27 konfransına, Azərbaycan isə COP29-a ev sahibliyi edib ki, bu da iqlim məsələləri üzrə daha sıx qarşılıqlı fəaliyyətə töhfə verir.
O bildirib ki, Misir 2024-cü ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edib, forumun növbəti sessiyası isə bu il Azərbaycanda keçiriləcək. Bu isə iki ölkə arasında texniki əməkdaşlıq üçün əlavə imkanlar açacaq.
“Dünyanın müxtəlif bölgələrindən fərqli təcrübəyə malik insanların eyni ideyaları bölüşdüyünü və eyni mesajı irəli apardığını görmək çox vacibdir. Beynəlxalq əməkdaşlıq zəruridir”, – o bildirib.
Qlobal Bakı Forumunu şərh edən Əl-Maşat qeyd edib ki, bu platforma ümumi qlobal çağırışları müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən liderləri və ekspertləri bir araya gətirərmək baxımından mühüm rol oynayır
“Dünyanın müxtəlif bölgələrindən fərqli təcrübəyə malik insanların eyni ideyaları bölüşdüyünü və eyni mesajı təşviq etməyini görmək çox vacibdir. Beynəlxalq əməkdaşlıq zəruridir”, – deyə o bildirib.
