Bakı. Trend:
Süni intellekt informasiya emalında və hədəflərin təhlilində kömək edə bilər, lakin qüvvənin tətbiqi ilə bağlı son qərar insan tərəfindən verilməlidir.
Trend xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) keçmiş baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vladimir Norov bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışında bildirib
“Maşınlar beynəlxalq humanitar hüququn tələb etdiyi mənəvi və kontekstual qərarları qəbul edə bilmir”,- deyə V. Norov qeyd edib.
Onun sözlərinə görə, süni intellektdən istifadə edən silahlar beynəlxalq humanitar hüququn normalarına tam uyğun olmalıdır, o cümlədən fərqləndirmə, nisbətlilik və hərbi zərurət prinsiplərinə riayət edilməlidir.
“Real döyüş şəraitində döyüşçülərlə mülki əhali arasında fərqləndirmə tez-tez mürəkkəb insan qiymətləndirilməsi tələb edir ki, müasir süni intellekt sistemləri bunu etibarlı şəkildə təkrarlaya bilmirlər”, - deyə V. Norov vurğulayıb.
O həmçinin, əməliyyat təhlükəsizliyi üzrə ciddi tədbirlərin vacibliyini qeyd edib. Onun sözlərinə görə, avtonom sistemlərdə operatorun istənilən vaxt müdaxilə etməsi, əməliyyatı ləğv etməsi və ya sistemi tam dayandırması üçün etibarlı mexanizmlər olmalıdır.
“Təsadüfi eskalasiyanın və ya nəzarətin itirilməsinin qarşısını alan qəza- dayandırma funksiyaları, təhlükəsiz gözləmə rejimi və digər qoruyucu mexanizmlər mütləq olmalıdır”, - deyə V. Norov əlavə edib.
