Bakı. Trend:
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) yüksək hazırlıq səviyyəsi nümayiş etdirib.
Trend xəbər verir ki, bunu bu gün çıxış edən BMT-nin 73-cü Baş Assambleyasının Prezidenti Mariya Fernanda Espinosa Bakıda WUF13-ə həsr olunmuş brifinqdə bildirib.
“Mən Azərbaycanın qonaqpərvərliyinin, yüksək təşkilatçılıq imkanlarının, eləcə də Bakının zəngin tarixə və mədəniyyətə malik olmağının şəxsən şahidi oldum və buna görə də Ümumdünya Şəhərsalma Forumunun uğurla keçiriləcəyinə əminəm”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu kimi tədbirlər yalnız güclü texniki hazırlıq deyil, ilk növbədə siyasi iradə və liderlik tələb edir.
“Bu gün biz müxtəlif istiqamətlərin çox böyük miqyaslı bir problemin həlli üçün birləşdiyini görürük. Söhbət elə bir çağırışdan gedir ki, bu da hamımızdan siyasət, investisiya, layihələndirmə və planlaşdırma sahələrində konkret qərarlar tələb edir”, – deyə o qeyd edib.
Espinosa vurğulayıb ki, mənzil problemi miqyasına görə beynəlxalq ictimaiyyət tərəfindən daha fəal addımların atılmasını tələb edir.
“Biz deyəndə ki, 1,1 milyard insan gecəqondularda və qeyri-rəsmi yaşayış məskənlərində yaşayır, 300 milyon insan isə evsizdir, bu o deməkdir ki, siyasətin təkmilləşdirilməsi, investisiyaların artırılması və daha məsuliyyətli siyasi qərarların qəbul edilməsi istiqamətində daha fəal çalışmalıyıq”, – deyə o bildirib.
