Bakı. Trend:
Xaçmaz rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində qarşıdan gələn Novruz bayramı ərəfəsində şəhər, qəsəbə və kənd qəbiristanlıqlarında geniş iməcilik aksiyaları təşkil olunub.
Trend xəbər verir ki, Xaçmaz şəhəri və Qaraqurtlu qəbiristanlıqlarında keçirilən təmizlik aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev də iştirak edib.
İməciliklər zamanı qəbiristanlıqların əraziləri zibildən və lazımsız bitkilərdən təmizlənib, abadlaşdırma istiqamətində işlər görülüb.
Sakinlərlə həmsöhbət olan icra başçısı bildirib ki, Novruz bayramı ərəfəsində keçirilən belə iməciliklər artıq ənənəvi xarakter daşıyır. Məqsəd qəbiristanlıqların səliqə-sahmana salınması və ziyarətə gələnlər üçün rahat şəraitin yaradılmasıdır.
Təmizlik işlərində kommunal xidmət işçiləri ilə yanaşı, yerli sakinlər də fəal iştirak ediblər. Sakinlər belə tədbirlərin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bayram ərəfəsində aparılan təmizlik və abadlıq işləri rayonun bütün qəbiristanlıqlarını əhatə edib.
