...

Məskunlaşma yerli səviyyədə həll olunmalı problemdir -London Sitinin lord meri

Cəmiyyət Materials 14 Mart 2026 10:47 (UTC +04:00)
Məskunlaşma yerli səviyyədə həll olunmalı problemdir -London Sitinin lord meri
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Məskunlaşma qlobal problem kimi görünsə də, əslində əsasən yerli səviyyədə həll olunmalı məsələdir.

Trend xəbər verir ki, bunu London Sitinin lord meri, London Sitinin sabiq şerifi Maykl Mainelli bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Mənzil sahəsində qlobal əməkdaşlıq – WUF13 üçün perspektivlər" adlı panel müzakirələrində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu sahədə hamı üçün keçərli olan vahid qlobal həll mövcud deyil:

"Çünki hər şəhərin özünəməxsus sosial, iqtisadi və demoqrafik xüsusiyyətləri, eyni zamanda fərqli problemləri var.

Məsələn, Londonda həm yaşayış, həm də məktəb çatışmazlığı problemi mövcuddur. Şəhərin əhalisinin sürətlə artması bu çətinlikləri daha da dərinləşdirir. Belə hallarda problemin həlli üçün yerli iqtisadiyyatın gücləndirilməsi vacibdir. İllərin təcrübəsi göstərir ki, yerli iqtisadi mexanizmlər işə salındıqda bu kimi problemlərin aradan qaldırılması mümkün olur.

Bu baxımdan dayanıqlı iqtisadi modelin qurulması xüsusi əhəmiyyət daşıyır. İnsanlara rifah imkanları yaradıldıqda, onlar bu imkanlardan istifadə edərək daha sabit və təhlükəsiz yaşayış mühiti formalaşdırırlar. London təkcə böyük bir şəhər deyil, həm də dünyanın ən qədim torpaq sahiblərinin və şəhər sakinlərinin yaşadığı məkanlardan biridir".

O qeyd edib ki, bununla belə, məskunlaşma prosesi qlobal miqyasda artan və mürəkkəbləşən bir fenomendir. Bu səbəbdən yalnız bir sahənin – məsələn, memarların idarə etdiyi layihələrin – bu problemi tam həll etməsi mümkün deyil.

"Müxtəlif sistemlərin paralel şəkildə işləməsi vacibdir. Şəhər inkişafı daim dəyişən və təkamül edən bir prosesdir. Mükəmməl şəhər anlayışı yoxdur; bu gün qurulan şəhərlər zamanla dəyişməyə davam edəcək.
Bu məsələ nə təkcə memarların, nə də yalnız özəl sektorun məsuliyyətidir. Dövlət və özəl sektor arasında tərəfdaşlıqdan danışarkən yalnız maliyyə məsələlərinə fokuslanmaq doğru yanaşma deyil. Əmlak hüquqlarının qorunması və insanların mənzillə təmin olunması üçün müxtəlif maliyyə mexanizmləri mövcuddur və bunlar yaşayış imkanlarının genişlənməsinə kömək edir.

Eyni zamanda, infrastruktur layihələrində müfəssəl və sistemli yanaşma daha səmərəli nəticələr verir. Bəzi hallarda tikintinin aşağı keyfiyyətli olması və ya layihələrin gecikməsi maliyyə çatışmazlığı ilə izah edilir. Lakin əslində bu problemlərin əsas həlli yenə də yerli iqtisadiyyatın gücləndirilməsindən keçir", - Michael Mainelli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti