Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla görüşüb.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlığın prioritetləri, bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasının əhəmiyyəti, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Ölkəmizin iqtisadi inkişaf modelinin emissiyaların azaldılması, iqlimə davamlılığın təmin edilməsi və aşağı karbonlu biznes strategiyalarına keçid kimi qlobal çağırışlara uğurlu adaptasiyası ilə bağlı prioritetlər nəzərdən keçirilib. Mərkəzi Asiya ölkələrindən Azərbaycandan keçməklə Avropaya yaşıl enerjinin ixracı layihəsi ilə bağlı məlumat verilib.
Tərəflər yaşıl enerji keçidində qlobal təchizatı sabitləşdirmək üçün beynəlxalq əməkdaşlığın təşviqi, ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.