...

ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılması Azərbaycanın ECO üzv dövlətləri ilə enerji əməkdaşlığını yeni səviyyəyə çıxaracaq - Nazir

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2024 17:49 (UTC +04:00)
ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılması Azərbaycanın ECO üzv dövlətləri ilə enerji əməkdaşlığını yeni səviyyəyə çıxaracaq - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılması Azərbaycanın ECO üzv dövlətləri ilə enerji sahəsində əməkdaşlığını yeni səviyyəyə çıxaracaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov COP29 konfransı çərçivəsində ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılış tədbirində bildirib.

“Bu gün COP29 konfransı çərçivəsində Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılmasında mühüm bir mərhələnin şahidi oluruq. Bu təşəbbüs təkcə Azərbaycan üçün deyil, ECO-ya üzv olan bütün ölkələr üçün strateji əhəmiyyət daşıyır.

Təmiz Enerji Mərkəzinin açılışı təşkilatın enerji sektorundakı lider mövqeyini daha da gücləndirəcək, regional əməkdaşlığa töhfə verəcək və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirəcək.

Əsas məqsədimiz davamlı enerji keçidinə dəstək olmaq, bölgədə yaşıl enerji sektoruna investisiyaların cəlb olunmasına və enerji səmərəliliyinin artırılmasına şərait yaratmaqdır. Eyni zamanda, yaşıl enerji və infrastruktur layihələrinin inkişafı üçün maliyyə və texniki resursların səfərbər edilməsinə çalışırıq”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti