Bakı. Trend:
ECO-UNIDO Təmiz Enerji Mərkəzi digər regional və beynəlxalq elmi-tədqiqat institutları və təşkilatlarla tərəfdaşlıq quracaq.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılış tədbirində çıxışı zamanı bildirib.
“BMT-nin Təmiz Enerji Mərkəzləri qlobal şəbəkəsi çərçivəsində ECO-UNIDO Təmiz Enerji Mərkəzi digər regional və beynəlxalq elmi-tədqiqat institutları və təşkilatlarla tərəfdaşlıq quracaq. Mərkəz bərpa olunan enerji məmbələri (BEM), enerji səmərəliliyi və iqlim dəyişikliyi sahəsində birgə tədqiqatlar aparacaq, texniki dəstək göstərəcək və innovativ həllər təklif edəcək.
Bu təşəbbüsün həyata keçirilməsində dəstək göstərən hər kəsə səmimi təşəkkürümüzü bildirmək istərdik. Xüsusilə Təmiz Enerji Mərkəzinin nizamnaməsinin imzalanması ilə bağlı Türkiyə və Özbəkistandan olan həmkarlarımıza və tərəfdaşlarımıza təşəkkür edirik.
Bu, COP29 çərçivəsində Təmiz Enerji Mərkəzinin "yumşaq" açılışına başlamamıza imkan yaratdı ki, bu da olduqca vacib idi. Əminik ki, ECO-UNIDO Təmiz Enerji Mərkəzinin fəaliyyəti ECO regionunda enerji təhlükəsizliyinin gücləndirilməsinə, iqlim dəyişikliyi ilə mübarizə üzrə səylərimizin irəlilədilməsinə və davamlı inkişaf hədəflərinin əldə olunmasına əhəmiyyətli töhfə verəcək”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.