...

COP for Hope: Ümid edirik ki, gələn il mərkəzləşmiş karbon ticarəti fəaliyyətə başlayacaq - Elnur Soltanov (ÖZƏL)

Energetika Materials 15 Noyabr 2024 15:16 (UTC +04:00)
COP for Hope: Ümid edirik ki, gələn il mərkəzləşmiş karbon ticarəti fəaliyyətə başlayacaq - Elnur Soltanov (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanovdur.

O, Trend-ə açıqlamasında bildirib ki, yaratdıqları bu momentumdan 2025-ci ildə 6-cı maddənin artıq funksional olacağına və mərkəzləşmiş karbon ticarətinin başlayacağına ümid edirlər.

Elnur Soltanov qeyd edib ki, COP29 çərçivəsində əldə edilən ən böyük uğur Paris Sazişinin 6-cı maddəsinin 4-cü bəndi ilə bağlı çox ciddi bir irəliləyişin əldə edilməsidir:

"Bu, məsələnin nə başlanğıcı, nə də sonu idi. Amma çox ciddi bir nəticədir. Proses Şarm Əl-Şeyxdə başlasa da, ciddi nəticə əldə edilə bilmədi. Eyni zamanda Dubayda da nəticənin əldə olunmasına çox yaxınlaşılsa da, bu baş tutmadı. Amma bu nəticə Bakıda əldə edildi.

Paris Sazişinin 6-cı maddəsinin digər bəndləri üzrə də işlər gedir. Biz əminik və ümid edirik ki, yaratdığımız bu momentumdan 2025-ci ildə 6-cı maddə artıq funksional olacaq və mərkəzləşmiş karbon ticarəti başlayacaq. Deyərdim ki, COP29 çərçivəsində əldə edilən ən böyük uğur budur".

"Danışıqlar prosesi ilə bağlı biz tərəflərə hörmət etmək və tərəfsiz qalmaq məqsədilə çox açıqlama verə bilmərik. Amma deyə bilərəm ki, mandat üzrə bütün sahələrdə irəliləmələr, çox gərgin danışmalar davam edir. Sammitin xoş təzyiqi hiss olundu. O təzyiqdən sonra danışıqlarda bir az sürətlənmə var. Biz əminik ki, gələn həftə nazirlərin gəlişi ilə həmin o dövlət başçılarına verilən tapşırıqlar bu dəfə nazirlər səviyyəsində danışıqlara ötürüləcək və nəticə etibarilə qarşımızda duran məqsədlərə çatacağıq",- deyə E. Soltanov vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti