Bakı. Trend:
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması sədrinin müavini Petr Tolstoy BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəliblər.
Parlamentdən Trend-ə bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Milli Məclisin deputatları Nizami Səfərov, Xanlar Fətiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.