Bakı. Trend:
Özbəkistanın mədəni dəyərləri ətraf mühitin qorunması ilə sıx bağlıdır.
Trend xəbər verir ki, bunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov mədəniyyətə əsaslanan iqlim tədbirləri üzrə ikinci yüksək səviyyəli nazirlər görüşündə çıxışı zamanı bildirib.
“Özbəkistanda iqlim dəyişikliyi artıq gündəlik həyatımızın aktual problemlərindən birinə çevrilib. Biz iqlim dəyişikliyinə qarşı mübarizə üçün dayanıqlı və inklüziv həll yollarını mədəni dəyərlərimizə və ənənələrimizə əsaslanaraq fəal şəkildə axtarırıq,” – deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Özbəkistan iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələləri üzrə milli siyasət və təşəbbüslərə sadiq qalaraq, İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyası və Paris Sazişi kimi əsas sənədləri dəstəkləyir.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin nəticələri ilə bağlı ekoloji sərgilər, sənədli filmlər və tamaşalar ictimai şüurun artırılmasına, məsuliyyət hissinin və problemin anlaşılmasının güclənməsinə kömək edir. Bundan əlavə, iqlim tədbirləri üçün qlobal mədəniyyət səfirləri proqramının başlanması zəruridir. İncəsənət nümayəndələri, məsələn, artistlər, musiqiçilər, yazıçılar, bloqqerlər və tanınmış şəxslər cəmiyyətə böyük təsir göstərir.
“Biz dayanıqlı gələcək üçün çalışaraq, bu gün qarşılaşdığımız bir çox qlobal problemləri həll edə bilərik. Bundan əlavə, incəsənət insanları duyğulara səsləyir, yaradıcı ideyalara ruhlandırır və musiqi, teatr və kino kimi formalar vasitəsilə fəaliyyətə təşviq edir. Beləliklə, iqlim dəyişikliyi problemini hər kəs üçün daha yaxın və əhəmiyyətli edə bilərik”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.