Bakı. Trend:
İtaliya COP29 iqlim və sülh təşəbbüsündə aparıcı tərəfdaş olmaqdan qürur duyur və bu problemin öhdəsindən gəlmək üçün tam öhdəliyimizi nümayiş etdiririk.
Trend xəbər verir ki, bu barədə İtaliyanın İqlim Dəyişikliyi üzrə xüsusi elçisi, rofessor Françesko Korvaro COP29 konfransı çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli paneldə çıxışı zamanı deyib
O qeyd edib ki, iqlim dəyişikliyi bu əsrin, bəşəriyyətin problemlərindən biridir.
“Biz fövqəladə təbiət hadisələrinin intensivliyi və tezliyi artdığı, bütün dünyada insanların əziyyət çəkdiyi bir reallıqla qarşılaşırıq. Ancaq bütün ölkələr eyni dərəcədə təsirlənmir. Bəzi bölgələr iqlim dəyişikliyinin təsirinə qarşı daha həssasdır və onu yumşaltmağa və uyğunlaşmağa daha az hazırdır.
Dünyanın eyni bölgələrində iqlim dəyişikliyinin mənfi nəticələri sosial qeyri-sabitliyi gücləndirə və su kimi təbii ehtiyatlara çıxış üçün rəqabəti artıra bilər. İqlim dəyişikliyi su qıtlığını, ərzaq təhlükəsizliyini və torpağın deqradasiyasını gücləndirən qlobal təhlükədir.
Bu amillər regionlarda sabitliyi poza və bütün icmaları riskə ataraq, münaqişəyə səbəb ola bilər. Aramızda ən həssas olanlar qadınlar, uşaqlar və münaqişədən təsirlənmiş ərazilərdə yaşayanlar bu böhrandan qeyri-mütənasib şəkildə təsirlənirlər.
Bu kontekstdə İtaliya öz həyati rolunu və məsuliyyətini dərk edir. Hörmətli tərəfdaşlarımız olan Azərbaycan, Misir, Almaniya,BƏƏ və Böyük Britaniya ilə yanaşı, biz Bakı İqlim və Sülh Fəaliyyəti Aktı çərçivəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə sadiqik”,- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.