Bakı. Trend:
SOCAR Azərbaycanın milli neft-qaz şirkətidir. 2050-cu ilə qədər sıfır xalis emissiya hədəfinə çatanda SOCAR Azərbaycanın enerji çempionu olmağı hədəfləyir.
Trend xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi il bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bu hədəflərə çatmaq hədəfini COP28-də elan ediblər.
“Biz hazırda bu transformasiya yolundayıq. Bu hədəflərə 3 mərhələdə çata bilərik. Birinci mərhələ, dekarbonizasiya. Biz dekarbonizasiyaya çatmaq üçün yüksək texnologiyalardan istifadə edirik. İkinci mərhələ, təşkilati transformasiyadır. Yəni biz bərpaolunan enerji mentalitetimizi tərtib etmək istəyirik.
Üçüncü mərhələ isə, biz beynəlxalq tərəfdaşlarımızla birgə hidrogen, günəş və külək enerjisinə əsaslanan biznesləri yaratmağa çalışırıq”, - deyə SOCAR-ın vitse-prezidenti vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.