Bakı. Trend:
Qazaxıstan iqtisadiyyatın müxtəlif sahələrində metan emissiyalarının azaldılması üzrə tədbirlər planı və təxminən 400 milyon ABŞ dolları məbləğində investisiya layihələrinin siyahısını hazırlayıb.
Trend xəbər verir ki, bunu Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev "İqlim tədbirləri üçün səfərbərlik: Paris Sazişini həyata keçirən ölkələr, çoxtərəfli maliyyə təşkilatları və özəl sektor" mövzusunda keçirilən panel müzakirəsi zamanı bildirib.
“Çoxtərəfli inkişaf bankları və özəl sektor iqlim prosesində əsas rol oynayır. İstixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşma məqsədlərinə nail olmaq üçün səyləri birləşdirmək lazımdır. Bu, dövlətlər səviyyəsində koordinasiya edilmiş fəaliyyət tələb edir”, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, Parisdə qəbul edilmiş öhdəliklər – qlobal istiləşməni 2°C-dən xeyli aşağı səviyyədə məhdudlaşdırmaq və onu 1,5°C səviyyəsində saxlamaq səyləri təkcə çıxışlarda deyil, həm də real addımlarda əksini tapmalıdır.
“Orta müddətli perspektivdə biz milli səviyyədə müəyyən edilmiş töhfələrin işlənib hazırlanması üzərində çalışırıq ki, bu da əhəmiyyətli investisiyalar və qiymətləndirmələr tələb edir. Beş illik dövr ərzində tədbirlərin həyata keçirilməsi məqsədilə Qazaxıstan metan emissiyalarının azaldılması üzrə qlobal öhdəliyə qoşulduğunu bəyan edib”, - deyə nazir vurğulayıb.
O bildirib ki, Qazaxıstan kimi ölkələrin iqlim keçidi üçün keçid maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ölkələr, beynəlxalq inkişaf bankları və özəl sektor arasındakı sinerji həlledici rol oynayır. Çoxtərəfli inkişaf bankları və beynəlxalq təşkilatlar dəyişikliklərin katalizatoru kimi çıxış edərək, iqlim maliyyələşdirilməsinin buna ən çox ehtiyacı olanlara, xüsusilə inkişaf etməkdə olan ölkələrə çatmasını təmin edə bilər.
“Son olaraq qeyd etmək istərdim ki, Qazaxıstan ümumi tədbirləri gücləndirmək və iqlimlə bağlı regional proses üçün birgə yanaşmalar hazırlamaq təşəbbüsü irəli sürüb. Qazaxıstan 2026-cı ildə regional iqlim sammiti keçirməyi planlaşdırır. Biz beynəlxalq bankları və təşkilatları bu təşəbbüsü dəstəkləməyə çağırırıq”, - deyə Erlan Nısanbayev qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.