Bakı. Trend:
Məqsədə nail olmaq üçün COP29-un "yaşıl" enerji təşəbbüslərini milli siyasətlərə, planlara və proqramlara çevirmək vacibdir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera COP29 çərçivəsində keçirilən enerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.
"IRENA COP29-un sədrliyi tərəfindən təklif edilən üç siyasi təşəbbüsü – "yaşıl" enerji dəhlizləri, enerjinin saxlanması və şəbəkələr, həmçinin, hidrogenlə bağlı təşəbbüsləri 2030-cu ilə qədər əlçatan bərpa olunan enerji məqsədinə çatmaq üçün həyati əhəmiyyətli tədbirlər kimi dəstəkləyir.
Bərpa olunan enerji mənbələrinin payının artırılması vaxtında şəbəkələrə qoşulmanı, minimum tədarük məhdudiyyətlərini, effektiv enerji ötürülməsini və sistemlərin çevikliyini təmin edən kifayət qədər investisiyaları tələb edir.
Bərpa olunan enerji güclərinin üç dəfə artırılması qlobal məqsədinə cavabdeh olan bir agentlik olaraq, bu üç təşəbbüsün ölkələr tərəfindən dəstəklənməsi və həyata keçirilməsinin Paris Sazişi məqsədlərinə uyğun keçidə və COP-un yekun nəticələrinin formalaşmasına töhfə verəcəyinə əminəm.
Məqsədimizə nail olmaq üçün COP29-un "yaşıl" enerji təşəbbüslərini milli siyasətlərə, planlara və proqramlara çevirmək və onların praktik şəkildə tətbiqini təmin etmək lazımdır. Bu yanaşma yeni indekslərdə əks olunmalıdır. Bizə şəbəkələr, çeviklik və enerjinin saxlanması sahəsində ölçülə bilən milli məqsədlər lazımdır", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.