Bakı. Trend:
Mədəniyyət dayanıqlı iqlim həllərinin əldə edilməsində açar elementdir.
Trend xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev mədəniyyətə əsaslanan iqlim fəaliyyətləri üzrə ikinci yüksək səviyyəli nazir görüşündə deyib.
"COP29 çərçivəsində mədəniyyətə əsaslanan iqlim fəaliyyətləri üzrə ikinci nazir dialoqunun nəticələrini yekunlaşdıraraq, iqlim fəaliyyətlərində mədəni aspektlərin tanınması sahəsində əhəmiyyətli irəliləyiş əldə edildiyini qeyd edirik. Bu dialoq dayanıqlı iqlim həllərinin əldə edilməsində mədəniyyətin açar element olduğu barədə ortaq inamımızı daha da möhkəmləndirdi", - deyə Y.Rəfiyev bildirib.
Onun sözlərinə görə, mədəniyyətin iqlim siyasətinə inteqrasiyasının əhəmiyyəti ilə bağlı beynəlxalq konsensus əldə olunub, həmçinin "Dostlar Qrupu"nun fəaliyyətini tənzimləyən sənədlər hazırlanaraq təsdiqlənməyə təqdim edilib. Bu çərçivələr mədəniyyətə əsaslanan iqlim fəaliyyətlərini dəstəkləyərək, Şimal-Cənub və Cənub-Cənub mübadilələrinə töhfə verir, ədalətli və inklüziv iqlim həllərini təşviq edir.
"Müzakirələrimiz təsirin ölçülməsi strategiyalarının hazırlanması və qlobal adaptasiya səylərinin sürətləndirilməsinə həsr olunaraq, gələcək fəaliyyətlər üçün möhkəm bir təməl yaratdı. Sessiyalar çərçivəsində müxtəlif ölkə və təşkilatların nümayəndələrinin fikirlərini dinlədik. Onlar mədəniyyətə yönəlmiş iqlim fəaliyyətlərinin iqlim ambisiyalarını artırmağa və qlobal yekun təhlilin həyata keçirilməsinə necə dəstək ola biləcəyini öz baxışları ilə bölüşdürər", - deyə Y.Rəfiyev vurğulayıb.
O, əlavə edib ki, bu müzakirələr şəffaflıq və hesabatlılığın vacibliyini bir daha ön plana çıxarıb, təşəbbüslərin həm effektiv, həm də etibarlı olmasını təmin edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.