Bakı. Trend:
Mərkəzi Asiya əhəmiyyətli su resurslarına, eləcə də zəngin günəş və külək enerjisi potensialına malik unikal bir regiondur.
Trend xəbər verir ki, bunu Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov COP29 çərçivəsində keçirilən enerji təşəbbüsləri üzrə Nazirlər Görüşü zamanı bildirib.
"Ölkələr arasında enerji inteqrasiyası həqiqətən mühüm əhəmiyyət daşıyır. Bu, hər bir ölkənin təbii resurslarından daha səmərəli istifadə etməyə və əsasən bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün təbii resurslardan optimal istifadə etməyə imkan verir.
Mərkəzi Asiya unikal bir regiondur, burada, məsələn, Qırğızıstan və Tacikistan kifayət qədər su resurslarına, Özbəkistan isə zəngin günəş və külək resurslarına malikdir. Bu isə bizə elektrik enerjisinin artıq hissəsini effektiv şəkildə ticarət etməyə və çatışmazlıq dövründə enerji idxal etməyə imkan yaradır", - deyə nazir müavini qeyd edib.
O vurğulayıb ki, bu baxımdan, dövlətlərarası inteqrasiya olduqca vacibdir.
"Bütün regionları birləşdirərək ölkələr arasında elektrik enerjisi ticarəti üçün mərkəzi platforma yarada bilərik. Bu, həqiqətən də açar məqamdır. Bütün inkişaf etməkdə olan ölkələrin bərpa olunan enerji mənbələrinin inkişafı üçün aydın strategiya və ümumi planı olmalıdır. Bu məsələdə dəqiqlik olduqca vacibdir, xüsusilə bankların belə layihələrə maliyyə cəlb etməsi üçün. Çünki enerji sisteminizə hansı miqdarda günəş və külək enerjisi, eləcə də dəyişkən generasiya inteqrasiya etməyi planlaşdırdığınızı anlamaq mühümdür", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.