...

2030-cu ilə qədər 1500 QVt enerji saxlama gücü qurulmalıdır - Aİ-nin energetika üzrə komissarı

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2024 15:03 (UTC +04:00)
2030-cu ilə qədər 1500 QVt enerji saxlama gücü qurulmalıdır - Aİ-nin energetika üzrə komissarı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ilə qədər 1500 giqavat enerji saxlama gücləri qurulmalı və çevikliyi artırmaq üçün digər həllər tətbiq edilməlidir.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) energetika üzrə komissarı Kadri Simson COP29 çərçivəsində keçirilən enerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"COP28 qalıq yanacaq dövrünün sonunun başlanğıcı oldu. Lakin dünya hələ də bu məqsədlərə uyğun hərəkət etmir. Yaxşı xəbər odur ki, bu məqsədlərə çatmaq mümkündür. Bu yerdə enerji saxlama, şəbəkələr və çevikliyi artırmaq üçün digər həllər vacib rol oynayır. Onlar təmiz enerjiyə keçid üçün lazım olan böyük həcmdə bərpa olunan enerjinin inteqrasiyasını təmin edir.

2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən maksimum dərəcədə faydalanmaq və elektrikləşmənin səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq üçün 25 milyon kilometr şəbəkə qurulmalı və ya modernləşdirilməlidir.

Enerji saxlama və şəbəkələr yeganə alətlər deyil. İnkişaf etməkdə olan iqtisadiyyatlarda maliyyələşdirmənin miqyasını genişləndirmək, eləcə də, təmiz enerji keçidi üçün həyati əhəmiyyət kəsb edən mineralların ədalətli və davamlı tədarükünü təmin etmək lazımdır.

Bu investisiyalar, enerji saxlama və şəbəkələrin tətbiqi olmadan qlobal bərpa olunan enerji və enerji səmərəliliyi hədəflərinə nail olmaq mümkün deyil. Bu qlobal məqsədlər olmadan isə qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmağa uyğun təmiz enerji keçidi qeyri-mümkündür.

Ona görə də Enerji Saxlama və Şəbəkələr üzrə Qlobal Razılaşmanın başladılmasını məmnuniyyətlə qarşılayıram", - deyə K.Simson vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti