Bakı. Trend:
Azərbaycanın enerji dəhlizləri ölkənin qlobal dayanıqlı inkişaf sahəsində lider mövqeyini gücləndirir.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində enerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.
"Azərbaycan hazırda Xəzər-Qara dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələrini həyata keçirir. Bu dəhlizlər Azərbaycanın təkcə enerji ixracını artırmaq deyil, həm də qlobal dayanıqlı inkişaf sahəsində lider mövqeyini möhkəmləndirmək öhdəliyini əks etdirir.
"Yaşıl" enerji zonaları sıfır emissiyaya nail olmaq yolunda strateji alətdir. Bərpa olunan enerji resursları ilə zəngin olan bölgələrdə yaradılan və yalnız təmiz enerjidən istifadə etməyə yönəlik bu cür zonalar investisiyaların cəlb olunmasına, davamlı iqtisadi artımın təmin edilməsinə və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verir", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.