Bakı.Trend:
Bakıda COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”nın təqdimatı keçirilib.
Trend xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov portalın dayanıqlı inkişafa nail olmaq üçün qlobal əməkdaşlıqda əhəmiyyətini vurğulayıb.
Bu təşəbbüs vasitəsilə iqtisadiyyatda yaşıl keçid strategiyalarının fundamental tədqiqatlara əsaslanacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, “Yaşıl artım portalı” qlobal enerji keçidi iştirakçılarına hər bir ölkənin yaşıl inkişaf imkanlarını müəyyən etməyə və ondan faydalanmağa kömək edəcək.
SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov şirkətin “xalis sıfır” hədəfi götürdüyünü vurğulayıb. Bu məqsədlə karbonsuzlaşma, enerji keçidi və aşağı karbon həllərinin tətbiqi üzrə görülən işlər barədə məlumat verilib. Yeni portalın SOCAR-ın enerji transformasiyasına da töhfə verəcəyi qeyd olunub.
Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanın tədbir iştirakçılarına videomüraciəti dinlənilib. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə karbon emissiyalarının azaldılmasının, bərpaolunan enerjinin təşviqinin mühüm rolu vurğulanıb. “Yaşıl artım portalı”nın yaşıl texnologiya üzrə təchizat zəncirləri və texnoloji həllərin sistemləşdirilməsi vasitəsilə yaşıl keçidin iqtisadi faydalarını maksimum dərəcədə artırmağı hədəflədiyi qeyd olunub.
“Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Timoti Çeston “Yaşıl artım portalı” barədə iştirakçılara məlumat verib. Onlayn portalın Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 1,7 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of Economic Complexity) inteqrasiyası nəzərdə tutulub. Burada beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər və müqayisəli məlumat bazaları öz əksini tapacaq.
Layihənin 2025-ci ildə tam olaraq fəaliyyətə başlaması
planlaşdırılır. Portaldan istifadə ödənişsiz olacaq.
Dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, biznes
assosiasiyaları, akademik dairələr və maliyyə institutlarının
nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə fikir mübadiləsi
aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.