Bakı. Trend:
Mərkəzi Asiya bərpa olunan enerji mənbələri üzrə hədəflərə nail olmaq üçün strateji regiondur.
Trend xəbər verir ki, bunu BƏƏ xarici işlər nazirinin köməkçisi Abdulla Balala COP29 çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dair İnvestisiya Forumunda deyib.
“2030-cu ilə qədər bərpa olunan enerji üzrə 11 teravat gücə nail olmaq üçün əlavə səylər tələb olunur. Bu, xüsusən inkişaf etməkdə olan ölkələrdə müvafiq infrastruktur və texnologiyaların genişmiqyaslı yaradılmasına yönəlmiş əhəmiyyətli investisiyalar və genişləndirilmiş iqlim maliyyələşdirilməsi tələb edir. Mərkəzi Asiya bu boşluqların aradan qaldırılması və səylərin gücləndirilməsi üçün strateji bir regiondur”, - o bildirib.
A.Balalanın sözlərinə görə, COP29 ədalətli, səmərəli və bərabərhüquqlu enerji keçidinin təmin edilməsi üçün maliyyə problemlərinin kollektiv və hərtərəfli şəkildə həll edilməsi üçün bir fürsətdir.
“Bu, COP28-in sədrliyi dövründə əsas prioritet olmuşdur. Burada, Bakıda həmkarlarımızın bu səyləri necə irəlilətdiklərini görməkdən məmnunuq”, - deyə nazirin köməkçisi qeyd edib.
Onun sözlərinə görə, bərpa olunan enerji inkişafı üzrə iddialı hədəflərə nail olmaqda özəl kapital həlledici rol oynamalıdır.
“Lakin biz bilirik ki, özəl kapital, xüsusən inkişaf etməkdə olan bazarlarda və ölkələrdə kifayət qədər sürətlə və lazım olan miqyasda yönəldilmir. Həllər və kapital mövcuddur, lakin problem bazarların, siyasətlərin və iqtisadiyyatların bu həllərin tez həyata keçirilməsi və ən çox ehtiyacı olanlara dəstək verilməsi üçün uyğunlaşdırılmasındadır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.