Bakı. Trend:
Dünyanın bir çox yerində müxtəlif qadınlarla tanış olmaq fürsətim olub. Lakin Azərbaycanda insanlarla görüşüm xüsusi oldu.
Bunu Trend-ə Dominikan Respublikasının Kiskeya adasından olan Taino qəbiləsinin nümayəndəsi, Kanada Ətraf Mühit Müdafiəsi təşkilatının üzvü Keri Eşley Kaqmen Rodriqes deyib.
O bildirib ki, Bakı texnoloji və inkişaf etmiş bir şəhərdir.
“Bakıya ilk dəfə gəlmişəm. Şəhərin memarlığına və insanların mehribanlığına heyran qaldım. Bakı texnoloji və inkişaf etmiş bir şəhərdir. Burada hər şey yüksək səviyyədə təşkil olunub. Şəhər mənə bir az Nyu-Yorku xatırlatdı.
Azərbaycan mənim üçün xoş bir kəşf oldu! Bir neçə gün öncə Qusarda oldum və Azərbaycanın kənd yerlərindəki insanların həyat tərzi ilə tanış oldum. İndi isə Bakıda, müxtəlif ölkə və xalqların liderlərinin və nümayəndələrinin bir araya gəldiyi yerdəyəm. Bu, bizim üçün, xüsusilə ekoloji və iqlim problemlərinin həllinə töhfə vermək istəyən qadınlar üçün əla bir təcrübədir.
Mən 13 yaşından etibarən aktiv həyat mövqeyinə sahibəm, qadın liderəm və iqlim və siyasi sahədə digər qadın liderlərlə çalışıram. Qadınlara tövsiyəm budur: əldə etdikləri uğurlarla kifayətlənməsinlər.
Bu, bizim ortaq dünyamızdır və onu birlikdə qorumalıyıq. Dünyanın hər yerində təşkilatları, resursları olan qadınlar, bir çox imkanlar, kollektivlər və icmalar mövcuddur. Bu tədbirdə bütün qadınları həmrəyliyə və iqlim və ekoloji problemlərin həlli naminə səylər göstərməyə çağırıram”, - deyə K.Rodriqes qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.