Bakı. Trend:
Azərbaycan “yaşıl” iqtisadiyyatın inkişafı üçün, o cümlədən, bərpa olunan enerji, dayanıqlı nəqliyyat və dövri iqtisadiyyat modelləri sahəsindəki imkanlar sayəsində böyük potensiala malikdir.
Bunu Trend-ə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Regional Ofisinin direktoru Arnold Kraylhuber bildirib.
“Azərbaycan daha geniş Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm rol oynayır. Həqiqətən də, ölkənin iqtisadi artımını əsasən karbohidrogenlər təmin edib, lakin Azərbaycan iqtisadiyyatını şaxələndirməyi planlaşdırır. Bərpa olunan enerji, nəqliyyat infrastrukturu və rəqəmsallaşdırmaya yatırımlar onun Avropa və Asiya arasında əlaqələndirici mövqeyini daha da gücləndirə bilər, həmçinin uzunmüddətli inkişaf hədəflərinə dəstək verərək iqtisadi, sosial və ekoloji faydalar gətirə bilər”, – deyə o bildirib.
Arnold Kraylhuber qeyd edib ki, Azərbaycanda bir neçə sektor böyük potensiala malikdir. “Bərpa olunan enerji xüsusilə günəş və külək enerjisi kimi əhəmiyyətli resurslara görə seçilir, xüsusən də Xəzər sahili bölgələrində. ‘Yaşıl’ nəqliyyat və logistikaya investisiyalar, dayanıqlı limanların və dəmiryollarının inkişafı aşağı karbonlu ticarətə töhfə verə bilər”, – deyə o əlavə edib.
O vurğulayıb ki, ümumilikdə dövri iqtisadiyyat modellərinin təşviqi üçün potensial mövcuddur; bu modellər tullantıların həcmini azalda və onların idarə olunmasını təkmilləşdirə bilər, məsələn, təkrar emal sistemlərinin inkişafı, plastik istifadəsinin azaldılması və istehsalçıların geniş məsuliyyət mexanizmlərinin tətbiqi vasitəsilə.
“İqlim davamlı kənd təsərrüfatı, torpaqların bərpası və səmərəli suvarma dayanıqlı kənd təsərrüfatı və torpaq idarəçiliyi metodları arasında yer alır; bu, torpaq deqradasiya və səhralaşmanın qarşısını almağa kömək edə bilər. Bundan əlavə, ekosistemlərin bərpası və təbiət yönümlü həllər sahil zolaqlarının və su-bataqlıq ərazilərin qorunmasını, meşə landşaftlarının bərpasını təmin edə, iqlim dəyişikliklərinə adaptasiyanı dəstəkləyə və daşqın və quraqlıq risklərini azalda bilər.
UNEP, BMT-nin Azərbaycandakı komanda üzvü olaraq , digər BMT strukturları və hökumətlə sıx əməkdaşlıq edir.
Bu kontekstdə UNEP ekosistemlərin qorunması, iqlim dayanıqlığı “yaşıl” iqtisadi artım və ədalətli keçid sahəsində strateji milli prioritetlərin təşviqinə dəstək göstərəcək,” - deyə Arnold Kraylhuber əlavə edib.
O vurğulayıb ki, bu vəzifələrin həyata keçirilməsi üçün 2030-cu ilə qədər UNEP Azərbaycanı milli siyasətin və institusional potensialın gücləndirilməsi, əsas sektorlar üzrə iqlim və ətraf mühit risklərinə hazırlıq, cavab və davamlılığın artırılması sahəsində dəstəkləməyə hazırdır.
“Belə tədbirlər ətraf mühitə təsirin qiymətləndirilməsi sistemlərinin və strateji ekoloji qiymətləndirmənin gücləndirilməsini, həmçinin sənaye emissiyalarının beynəlxalq standartlara uyğun monitorinqi və hesabatlılığın təkmilləşdirilməsini əhatə edir”.
Bu, öz növbəsində, daha təmiz istehsal texnologiyalarının təşviqinə, enerji səmərəliliyinin artırılmasına və xüsusilə emal sənayelərində su resurslarının məsuliyyətlə idarə olunmasına kömək edəcək. Çirklənməyə nəzarət və kimyəvi maddələrin idarə olunması, o cümlədən təhlükəli tullantıların izlənməsi də mühüm əhəmiyyət daşıyır.
Bundan əlavə, özəl sektorun iştirakı şirkətlərin ekoloji məlumatların açıqlanmasını, ESG (ekoloji, sosial və korporativ idarəetmə) təcrübələrinin inkişafını, həmçinin karbon qiymətləndirmə mexanizmlərindən və ya daxili karbon uçotundan istifadəni əhatə edə bilər. Bu səylər həm tənzimləyicilərin, həm də sənaye nümayəndələrinin peşəkarlığının artırılması ilə müşayiət olunmalıdır", – deyə A. Kraylhuber bildirib.
O qeyd edib ki, Azərbaycan başqa ölkələr kimi öz resursları, ehtiyacları və gələcəyə baxışına əsaslanaraq dayanıqlı inkişaf yolunu seçməlidir.
"Azərbaycanın COP29 iqlim konfransının təşkilatçısı kimi irsindən yararlanaraq, bu yol bərpa olunan enerji mənbələrinin sürətlə tətbiqini təşviq edən siyasət və özəl sektorla tərəfdaşlıqlar vasitəsilə həyata keçirilə, həmçinin iqlim məqsədləri milli inkişaf strategiyalarına inteqrasiya oluna bilər.
Həmçinin, “yaşıl” maliyyələşmə alətləri, məsələn, “yaşıl” istiqrazlar, qarışıq maliyyələşmə və iqlim fondlarının genişləndirilməsi, eləcə də emissiyalar, ekosistemlərin vəziyyəti və çirklənmə üzrə məlumat sistemlərinin inkişafı nəzərdən keçirilə bilər.
Bundan əlavə, təmiz texnologiyalar sahəsində innovasiyaların və kiçik və orta sahibkarlığın dəstəklənməsi, habelə dairəvi iqtisadiyyat həlləri üçün dövlət-özəl tərəfdaşlıqların inkişafı “yaşıl” artıma töhfə verə bilər", – deyə A. Kraylhuber əlavə edib.
Onun sözlərinə görə, UNEP həmçinin Xəzər dənizinin ekoloji mühitinin qorunmasına dair Tehran Konvensiyası çərçivəsində Xəzəryanı dövlətləri dəstəkləyir və buna görə də ümumi ekosistemlər üzrə regional əməkdaşlığın daha da gücləndirilməsinə çağırır.
"Nəhayət, Azərbaycan əhalisinin inklüziv “yaşıl” artımdan, qorunan ekosistemlərdən və iqlim dayanıqlığından daha çox faydalanması üçün milli siyasətin dayanıqlı inkişafın uzunmüddətli məqsədləri və Azərbaycanın, o cümlədən Paris Sazişi çərçivəsində müəyyənləşdirdiyi milli töhfələri və digər çoxtərəfli ekoloji sazişlərdə iştirak etdiyi ekoloji vəzifələr ilə uyğun olması vacibdir", – deyə A. Kraylhuber yekunlaşdırıb.
