Bakı. Trend:
Böyük Britaniya Dəniz Qüvvələrinin desant gəmisi “RFA Lyme Bay” təlim və manevrlərdə iştirak etmək üçün Cəbəllütariqdəki hərbi dəniz bazasını tərk edib.
Trend xəbər verir ki, bu barədə məlumat “Sky News” kanalının Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən yayılıb.
Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, “RFA Lyme Bay təlim və manevrlər üçün dənizə çıxıb. Şərqi Aralıq dənizində dəniz missiyaları zamanı gəmidən istifadə etmək lazım gələrsə, o, ehtiyat tədbiri olaraq yüksək hazırlıq vəziyyətindədir”.
“Lyme Bay” Böyük Britaniyanın Köməkçi Donanmasının tərkibinə daxildir və tez-tez humanitar yardım göstərmək və ya üzən xəstəxana funksiyasını yerinə yetirmək üçün istifadə olunur.
Gəmi həmçinin aviasiya platforması kimi fəaliyyət göstərə bilər və onun üzərində “Chinook” və “Merlin” helikopterləri, eləcə də “Osprey” tiltrotor təyyarələri yerləşdirilə bilər.
