Bakı. Trend:
Martın 12-14 tarixlərində keçirilən XIII Qlobal Bakı Forumu maraqlı müzakirələri ilə yenidən dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltdi. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan Forum bu dəfə də dünyanı düşündürən aktual məsələlərin müzakirəsi ilə əlamətdar oldu. Eyni zamanda, tədbirdə nüfuzlu və tanınmış siyasi liderlərin iştirakı Qlobal Bakı Forumunun mühüm siyasi platforma olduğunu bir daha nümayiş etdirdi.
Qeyd edək ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən başlayaraq keçirilir. Forumda hər il onlarla ölkədən görkəmli dövlət xadimləri, fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, diplomatlar, media nümayəndələri iştirak edirlər ki, bu da tədbirin siyasi çəkisini, nüfuzunu və əhəmiyyətini daha da artırır. Qlobal Bakı Forumu siyasi liderlərə dünyanı narahat edən məsələləri müzakirə etməyə, problemlərin həlli yollarının tapılması istiqamətində təşəbbüslərin uzlaşdırılmasına şərait yaradır, habelə dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verir, qarşılıqlı siyasi anlaşma üçün əlverişli imkanlar formalaşdırır. Forumda irəli sürülən təkliflər həm problemlərin həlli, həm də yeni əməkdaşlıqların yaranması ilə bağlı yeni düşüncələrin formalaşmasına töhfə verir.
Bu tədbirin Bakıda keçirilməsi isə respublikamıza qlobal səviyyədə verilən böyük önəmin göstəricisidir. Coğrafi baxımdan Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin dünyada dialoqun qurulmasında mühüm rolunu nümayiş etdirir. O cümlədən xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya belə tədbirlər vasitəsilə Azərbaycanı daha yaxından tanıyır.
Qeyd etdiyim kimi XIII Qlobal Bakı Forumu “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olundu. Dünyada münaqişə və müharibələrin geniş vüsət aldığı bir vaxtda tədbirin məhz bu mövzuya həsr olunması mühüm əhəmiyyət kəsb etdi. Forumun sessiyalarında parçalanmış dünya nizamının müxtəlif sahələrdə - hərbi güc, iqtisadi məcburiyyət, enerji asılılığı, texnoloji imkanlar, informasiya nəzarəti və strateji təchizat marşrutlarında necə təzahür etdiyi araşdırıldı. Müzakirələrdə həmçinin yeni formalaşan sahələrin - kritik minerallar, təmiz enerji infrastrukturu, rəqəmsal bağlılıq və qabaqcıl texnologiyaların zəif tərəfləri necə dərinləşdirdiyi və dövlət siyasətini necə mürəkkəbləşdirdiyi nəzərdən keçirildi.
Forumun xüsusi diqqət mərkəzində olan məqamı Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbirin açılış mərasimində etdiyi çıxış oldu. Bildiyimiz kimi, dövlətimizin başçısının regionda və dünyada cərəyan edən siyasi və iqtisadi proseslərə baxışı və qənaətləri hər bir beynəlxalq tədbirdə iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. Cənab İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı nitqində toxunduğu məsələlər də müasir dünyanı düşündürən məsələlərin həll yollarının müəyyən edilməsi və bu sahədə yeni ideyaların formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdi.
Prezident İlham Əliyevin Forumdakı çıxışı əsasən müasir çağırışları əhatə edən sülh, təhlükəsizlik, sabitlik, o cümlədən enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi ilə bağlı oldu. Müasir dünya olduqca narahat günlərini yaşayır. Son olaraq Yaxın Şərqdə baş verənlər sülh, təhlükəsizlik və müdafiə məsələlərinin hər bir dövlət üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Forumda Prezident İlham Əliyevin çox düzgün olaraq qeyd etdiyi kimi, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır, çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır.
Dövlətimizin başçısının dünyaya məhz bu çağırışı etməsi ölkəmizin nümunəsində konkret təcrübəyə əsaslanır.
Azərbaycan əraziləri 30 il işğal altında qaldı. Ədalət və
beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, respublikamız bəzi
beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkdi, BMT
Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı. Belə
reallıqlar şəraitində respublikamız BMT Nizamnaməsinin 51-ci
maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ çərçivəsində güc
yolu ilə ərazilərini işğaldan azad etdi. Bunun ardınca isə
Azərbaycan siyasi yollarla regionda sülhü, təhlükəsizliyi və
əməkdaşlığı təmin edir. Beləliklə, ərazilərin güc yolu ilə azad
edilməsindən regionda sülhün yaradılmasına qədər gedilən yol
Azərbaycanın ziddiyyətli dünya nizamında yaratdığı unikal bir
nümunədir. Hansı ki, İkinci Dünya müharibəsindən sonra heç bir
münaqişə bu şəkildə yoluna qoyulmayıb. Prezident İlham Əliyev
Forumdakı çıxışında bunu nadir bir təcrübə kimi dəyərləndirdi:
«2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı
ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və
düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll
üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq
sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək
zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha
sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da
müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, -
nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və
ərazi bütövlüyünü bərpa etdi».
Ən əsası, Prezident İlham Əliyevin dediyi kimi bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun.
Artıq Azərbaycanla Ermənistan arasında yeddi aydır ki, faktiki sülh şəraiti mövcuddur. Ötən ilin avqustunda Vaşinqtonda sülh sazişi layihəsinin paraflanmasından sonra baş verənlər sülhün üstünlüklərini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundan verdiyi «Sülhdən daha yaxşı heç nə yoxdur» mesajı dünyaya edilən bəşəri bir çağırışdır.
XIII Qlobal Bakı Forumunda dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlər Azərbaycanın regional sülhün təminatçısı olmaqla yanaşı, həm də qlobal enerji təhlükəsizliyinin etibarlı zəmanətçilərindən olması barədə beynəlxalq ictimaiyyətdə formalaşmış qənaətləri daha da möhkəmləndirdi. Bir il əvvələ qədər 12 dövlət Azərbaycandan təbii qaz alırdı, bu gün isə onların sayı 16-ya çatıb. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi dünya lideridir. Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda bir daha bəyan etdi ki, Azərbaycan təbii qazın, o cümlədən elektrik enerjisinin ixracını artıracaq və qlobal enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.
Prezident İlham Əliyevin Forumdakı nitqində toxunduğu məsələlərdən biri də nəqliyyat dəhlizləri barədə oldu. Bu gün regional və qlobal gündəmin əsas müzakirə mövzularından biri nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsidir. Çünki nəqliyyat dəhlizləri əməkdaşlıq, təhlükəsizlik və sülh deməkdir. Bu reallığı Azərbaycan dövləti hər zaman düzgün qiymətləndirir. Təsadüfi deyil ki, Azərbaycan həm Orta Dəhlizin, həm Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyət göstərməsində fəal iştirak edən dövlətdir. Bu baxımdan Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda çıxışı zamanı nəqliyyat dəhlizlərinə yer ayırması həm də dünyaya əməkdaşlıq istiqamətində verilən mühüm mesaj idi. Çünki məhz bu kimi faktorlar həm də sülhə və təhlükəsizliyə xidmət edir.
Sözsüz ki, Prezident İlham Əliyevin Forumdakı çıxışında toxunduğu məsələlər, səsləndirdiyi mesajlar beynəlxalq ictimaiyyəti narahat problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşmasına böyük töhfə verəcək. Bütövlükdə isə XIII Qlobal Bakı Forumunda irəli sürülən təkliflər, edilən təşəbbüslər dünyada əməkdaşlığın möhkəmlənməsinə, mövcud problemlərin ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə xidmət edəcək.
Milli Məclisin deputatı,
Xanlar Fətiyev