Bakı. Trend:
Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı bu gün ümumxalq səsverməsi təşkil olunacaq. Referendum çərçivəsində vətəndaşlardan təqdim edilən Konstitusiya layihəsinə dəstək vermələri və ya onu rədd etmələri istəniləcək.
Trend xəbər verir ki, Konstitusiya islahatları təşəbbüsü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.
Dövlət başçısı 2025-ci ilin sentyabrında 30 ildən artıq müddətdir qüvvədə olan Konstitusiyada dəyişikliklərin aparılmasını təklif edib. O, xüsusilə ikipalatalı parlament sisteminin birpalatalı parlament modeli ilə əvəz olunmasını təklif edib.
Daha sonra, bu ilin yanvar ayında Tokayev vitse-prezident vəzifəsinin təsis olunması, məsləhətçi qurumlarda islahatların həyata keçirilməsi, Konstitusiyanın preambulasında dəyişikliklər edilməsi və bir sıra digər düzəlişlərin aparılması ilə bağlı təkliflər irəli sürüb.
İslahatların hazırlanması məqsədilə 100-dən artıq siyasətçi, ekspert və ictimai xadimdən ibarət Konstitusiya Komissiyası yaradılıb. Komissiyanın yekun rəyinə əsasən, təklif olunan dəyişikliklər mövcud Konstitusiyanın 80 faizdən çoxunu əhatə etdiyinə görə yeni əsas qanun layihəsinin hazırlanması qərara alınıb.