Bakı. Trend:
İran xarici işlər naziri Seyid Abbas Əraqçi və Fransa xarici işlər nazirli Jan-Noel Baro regionda hərbi eskalasiya haqda müzakirə aparıblar.
Bu barədə Trend İran XİN-ə istinadən məlumat verib.
Məlumata görə, iki ölkə xarici işlər nazirləri arasında baş tutan telefon söhbətində İran xarici işlər naziri Seyid Abbas Əraqçi regionda baş verən hadisələrlə əlaqədar ABŞ və İsrailin addımlarını qınayıb və regionda gərginliyin artmasına səbəb olan istənilən addımdan çəkinməyin vacibliyini qeyd edib.
Əraqçi deyib ki, İran öz ərazi bütövlüyü və suverenliyini müdafiə etmək istiqamətində addımlar atır.
Telefon söhbətində Fransa xarici işlər naziri Jan-Noel Baro Livana hərbi hücumlar dayandırılmasını istəyib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
