Bakı. Trend:
Çinin “Changzheng-6A” (“Böyük yürüş – 6A”) raket daşıyıcısı bazar günü mülki istifadə üçün nəzərdə tutulan “Yaogan-50 02” məsafədən zondlama kosmik aparatını orbitə çıxarıb.
Trend xəbər verir ki, bu barədə CGTN məlumat yayıb.
Orta sinifli “Changzheng-6A” daşıyıcısı Çinin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan kosmodromundan buraxılıb. Kosmik aparat ştat rejimində 500 kilometr hündürlükdə yerləşən hədəf orbitinə uğurla çatdırılıb.
“Yaogan” seriyasına aid peyklər əsasən ərazilərin topoqrafik xəritələşdirilməsi, kənd təsərrüfatı sahələrinin və məhsuldarlığın monitorinqi, həmçinin təbii fəlakətlər barədə erkən xəbərdarlıq sistemlərində istifadə olunur. Bununla yanaşı, bəzi müstəqil Qərb analitikləri bu peykləri kəşfiyyat məqsədli kosmik aparatlara aid edirlər.
“Yaogan” kosmik aparatı Çin Aerokosmik Elm və Texnika Korporasiyasının törəmə qurumu olan Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb.
