Bakı. Trend:
ABŞ hərbçilərinin “F-35” qırıcılarının proqram təminatı üçün yeniləmə hazırlamaq cəhdləri modernləşdirmə ehtiyacına baxmayaraq, İrandakı münaqişə səbəbindən ləngiyib.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Pentaqonun hesabatına istinadən məlumat yayıb.
Hesabatda qeyd olunur ki, “TR-3” adlı son yeniləmə stabillik problemləri və qüsurların sistematik şəkildə aşkar edilməsi səbəbindən sınaqlar zamanı böyük ölçüdə işlək olmayıb. “F-35” proqramı proqram təminatının yaradılması və yoxlanması işlərinin icra müddətləri və qrafiklərinə əməl olunması sahəsində irəliləyiş göstərmir və aşkar edilmiş qüsurların aradan qaldırılması ilə yeni funksiyaların tətbiqi prosesi bloklanıb.
“TR-3” yeniləməsi təyyarələrin hazırkı göstəricilərinə nisbətdə hesablama gücünü 37 dəfə, yaddaş həcmini isə 20 dəfə artırmaq üçün nəzərdə tutulub. Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun istifadəsi üçün modernləşdirilmiş proqram təminatına malik 2,4 min “F-35” təyyarəsi almağı planlaşdırır.
