Bakı. Trend:
İlaxır çərşənbə Boz ayın dördüncü və sonuncu çərşənbəsidir. Bu çərşənbə (Torpaq çərşənbəsi) Novruzun sonuncu və ən mühüm müjdəçisidir, torpağın oyanışı, bərəkət və canlanma rəmzidir.
İlaxır çərşənbə bəzi bölgələrdə Yel çərşənbəsi, bəzilərində isə Torpaq çərşənbəsi kimi qeyd edilir. Bu gün az qala Novruz bayramı qədər təntənəli şəkildə keçirilir. Hətta bəzi bölgələrdə İlaxır çərşənbə bayramdan daha böyük coşqu ilə qeyd olunur.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında folklorşünas Aynur Qəzənfərqızı bildirib ki, bu çərşənbədə xalq tonqal qalayır və ötən ilin qada-bəlasını tonqalın üzərindən tullanaraq “yandırdığına” inanır.
Folklorşünasın sözlərinə görə, İlaxır çərşənbənin adətlərindən biri də lopa yandırmaqdır:
"Bu ənənə bu gün demək olar ki, unudulsa da, qədim adətlərdən hesab edilir. Tonqal bir il ərzində baş verən qada-bəlanın yandırılmasını, lopa isə həftənin yeddi gününü simvollaşdırır".
Aynur Qəzənfərqızı bayram süfrələrinin bəzədilməsindən də danışıb:
"İlaxır çərşənbə süfrəsində mütləq səməni olmalı və müxtəlif şirniyyatlar düzülməlidir. Qərb bölgələrində bu gün üçün xüsusi olaraq qatlama adlı şirniyyat hazırlanır. Şərq bölgələrində isə şəkərbura, paxlava və qoğal bişirilir. Bu şirniyyatlar artıq Azərbaycanın bütün bölgələrində yayılıb.
Bayram süfrəsində plov da mütləq olmalıdır. Bundan əlavə, süfrəyə quru meyvələr qoyulur. Quru meyvələr ruzi-bərəkət və bolluğun rəmzi sayılır".
İlaxır çərşənbənin özünəxas ritualları da var. Folklorşünas onların bəzilərini sadalayıb:
"İlaxır çərşənbə günü səhər erkəndən və axşamüstü evlərə təmiz
su çilənməsi adəti var. Şər qarışanda evdəki dolabların və
fırınların qapısı açılır və təxminən 15–20 dəqiqə açıq
saxlanılır.
Bu gün insanların təmiz və yeni geyimlər geyinməsi, xoş sözlər
danışması tövsiyə edilir. Çünki İlaxır çərşənbə axşamı xalq
arasında qapıpusma adəti həyata keçirilir.
Qapıpusma adəti
Qapıpusma zamanı uşaqlar və gənclər qapılara papaq atırlar. Atılan papaqları boş qaytarmaq olmaz. İmkan daxilində papağa şirniyyat və ya başqa pay qoyulmalıdır. Papağı doldurub geri qaytarmaq bolluq və bərəkət gətirdiyinə inanılır.
İnanclara görə, bu gecə evdə hansı sözlər danışılırsa, ilin qalan hissəsi də həmin abu-havada keçir. Qapıpusma adətinin mahiyyəti də məhz bu düşüncə ilə bağlıdır".
Cərşənbənin ən vacib elementi - Vəsfi-hal falı
"Bəzi bölgələrdə İlaxır çərşənbə axşamı vəsfi-hal mərasimi keçirilir. Bu, bir növ fal ənənəsidir. Bir kasaya su doldurulur və qadınlar öz zinət əşyalarını suya ataraq dilək tuturlar. Daha sonra bir bayatı söylənilir və bayatını deyən qadın kasadan bir zinət əşyası çıxarır.
Kasadan çıxan əşya kimə məxsusdursa, həmin bayatı o qadının qarşıdakı bir ildə yaşayacaqlarını simvolizə etdiyi kimi yozulur".
Digər bayram adətləri:
"İlaxır çərşənbədə yumurta döyüşdürmək də geniş yayılmış
adətlərdən biridir. Bundan əlavə, subay qızlar müxtəlif fal
növlərinə – üzük falı və duzlu kökə falına baxırlar.
Unudulmuş adətlərdən biri də qurşaq sallamaqdır. Bu adət sonralar
papaqatma ilə eyni məna kəsb etməyə başlayıb".
Aynur Qəzənfərqızı İlaxır çərşənbədə təbiətdə baş verən
dəyişikliklərə də diqqət çəkib:
"İlaxır çərşənbə həm də təbiətdə dəyişikliklərin hiss olunduğu bir
dövrə təsadüf edir. Bu günlərdə havanın tez-tez sərt və küləkli
olması müşahidə olunur ki, bu da yazın gəlişinin əlamətlərindən
sayılır".
Barış və birlik ənənəsi
"İlaxır çərşənbədə küsülü insanların barışması vacib hesab
olunur. Qədim Şumer mətnlərində də yeni il bayramı zamanı
insanların barışdığı, birlikdə şənlik etdiyi qeyd olunur.
İnsan tək qaldıqca depressiyaya meylli olur, çünki insana insan
lazımdır. Buna görə də bayram günlərini birlikdə, şənlik və sevinc
içində qeyd etmək böyük əhəmiyyət daşıyır".
Çərşənbəniz mübarək!
