Bakı. Trend:
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu il ərzində 500 min ton bərk məişət tullantılarını yandırmaq gücündədir.
Trend xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Utilizasiya şöbəsinin müdir müavini Arif Kərimov “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanı bildirib.
Onun sözlərinə görə, il ərzində bu zibillərin yandırılması ilə 200 milyon kilovat/saat enerji istehsal olunur:
"Bu isə 110 min ev təsərrüfatını, Gəncə boyda şəhərin bir il
ərzində elektriklə təmini deməkdir.
Zavodda istehsal edilən enerjinin 15 faizi zavodun daxili enerji
ehtiyacını ödənilməsinə sərf edilir, qalan hissəsi Dövlət Enerji
Şəbəkəsinə ötürülür.
Yandırılmadan ayrılan tüstü zavodda xüsusi reaktorda zəhərli
qazlardan absorbsiya edilir.
Sutka ərzində yandırılan tullantının 24 faizini dib külü təşkil
edir. Ondan isə alternativ inşaat materialı istehsal edilir. Bu
material yol inşaatında alt qat kimi istifadə edilir.
Sutka ərzində yandırılmadan 3.9 faiz isə zəhərli küllər yaranır. Bunlar da təhlükəli tullantılar poliqonuna yönləndirilir".
O vurğulayıb ki, bu zavod Bakı üçün ağciyər funsiyasını yerinə yetirir.
