Bakı. Trend:
Son beş ildə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 29500 ton karton təkrar emala göndərilib.
Trend xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC –nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarov WUF13 çərçivəsində jurnalistlər üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanı bildirib.
Onun sözlərinə görə, bu isə təxminən 501 min ağac deməkdir:
"Zavodda son beş il ərzində 3500 ton plastik butulka təkrar emala göndərilib. Sonrakı mərhələdə təkrar emalla bu butulkalar paltarlarda polester iplik kimi istifadə edilir. Bu ipliklərlə hazırlanan sintifon döşəklər isə Türkiyə və İrana ixrac edilir.
İl ərzində Bakı şəhərində bir nəfər 360-400 kq zibil istehsal edir. Ötən il bu zibilin təxminən 1 milyon tonu Təmiz Şəhər ASC-yə gətirilib".
