Bakı. Trend:
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları nəticəsində 28 fevraldan etibarən bu günə qədər İranın Tehran vilayətində 503 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Tehran üzrə idarəsinin baş direktoru Məhəmməd İsmayıl Təvəkkoli yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən müddətdə Tehran vilayətində 5 700 nəfər yaralanıb. Yaralılardan 4 700 nəfəri tibb mərkəzlərinə çatdırılıb.
Təvəkkoli qeyd edib ki, ölən və yaralananlardan təxminən 85%-i mülki şəxslər, eləcə də uşaqlar və qadınlar təşkil edir.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
