Bakı. Trend:
Balaxanı Sənaye Parkı 2017-ci ildən fəaliyyət göstərir. Parka ümumilikdə 57 milyon manat investisiya qoyulub.
Trend xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarov WUF13 çərçivəsində jurnalistlər üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanı bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində müəssisələr tərəfindən ümumi dəyəri 416 milyon manat olan məhsul istehsal edilib:
"Təkara emalla istehsal edilən məhsulun 32 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac olunub. Parkda işlənmiş mühərrik və qida yağlarının təkrar emalı həyata keçirilir. Dövlət tərəfindən tullantıların düzgün idarə olunmasına dəstək verilir. Rezidentlər əlavə dəyər vergisindən, torpaq vergisindən, həmçinin istehsal üçün gətirilən avadanlıqlara görə gömrük rüsumlarından azad edilirlər.
Tullantıların düzgün idarə olunması dayanıqlı şəhər modelinin formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır".
