Bakı. Trend:
Slovakiyanın elektrik ötürmə sistemi operatoru SEPS Ukraynanın “Ukrenerqo” şirkətinə qəza elektrik enerjisi təchizatının dayandırılması ilə bağlı rəsmi bildiriş göndərib.
Trend xəbər verir ki, bu barədə açıqlama Ukrayna şirkətinin teleqram kanalında yayılıb.
Məlumata əsasən, “Ukrenerqo” Slovakiyanın SEPS operatorundan qarşılıqlı təcili yardım göstərilməsi barədə müqavilənin birtərəfli qaydada ləğv olunduğunu bildirən rəsmi məktub alıb. Bildirilib ki, müqavilə bu ilin may ayında tam şəkildə qüvvədən düşəcək.
“Ukrenerqo”nun açıqlamasında qeyd olunub ki, bu qərar Ukrayna istehlakçıları üçün hər hansı dəyişiklik yaratmayacaq. Bildirilib ki, Slovakiyadan qəza məqsədli enerji yardımı çox nadir hallarda və məhdud həcmdə istifadə olunub. Belə hallardan sonuncusu bu ilin yanvar ayında qeydə alınıb. “Qarşılıqlı təcili yardım” sazişinin ləğvi isə kommersiya xarakterli elektrik enerjisi mübadiləsinə təsir etməyəcək. Slovakiyadan Ukraynaya elektrik enerjisinin idxalı indiyədək məhdudiyyətsiz həyata keçirilib və hazırda da davam edir.
Bundan əvvəl Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanı Rusiyanın zərbələri nəticəsində zədələnmiş “Drujba” boru kəməri vasitəsilə neft nəqlinin bərpasını qəsdən ləngitməkdə ittiham etmişdi.