Bakı. Trend:
Litva Ukraynanın bərpasına yönəlmiş Avropa İttifaqının Ukrayna Fondu proqramına 10 milyon avro həcmində maliyyə töhfəsi verəcək.
Trend xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müvafiq saziş Brüsseldə Litvanın xarici işlər naziri Kestutis Budris və Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos tərəfindən imzalanıb.
Məlumata görə, ayrılan vəsait Litvanın Ukraynada iştirak etdiyi prioritet istiqamətlərə yönəldiləcək. Bu istiqamətlərə təhsil infrastrukturunun yenidən qurulması, mülki müdafiə sisteminin gücləndirilməsi və məktəbəqədər təhsil sahəsində islahatlar daxildir.
Qeyd edək ki, Litvanın 2022-ci ildən etibarən Ukraynaya göstərdiyi ümumi yardımın həcmi 1,7 milyard avronu ötüb.