Bakı. Trend:
28 fevraldan etibarən ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində 61 mindən çox mənzil və ticarət obyektinə ziyan dəyib.
Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Tehran vilayətində təxminən 18,2 min , ölkənin digər vilayətlərində isə 34,5 min mənzil və ticarət obyektinə ziyan dəyib.
Mohacerani deyib ki, müharibə başladıqdan bəri İranda 226 qadın ölüb, 3 mindən çox qadın yaralanıb. 18 yaşdan aşağı ölənlərin sayı 204 nəfər təşkil edib. Eyni zamanda əhiyyə xidmətinin 17 əməkdaşı, 206 müəllim və şagird ölənlər, 154 nəfər isə yaralılar arasındadır.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
