Bakı. Trend:
Araşdırmalar göstərir ki, bəzi körpələr hələ ilk addımlarını atmadan və ya danışmadan əvvəl belə aldatmanın sadə formalarını anlayıb tətbiq edə bilirlər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 750 valideyn arasında aparılan sorğuya əsasən, təxminən 10 aylıq uşaqların dörddə biri valideynlərini eşitməmiş kimi davranmaq, oyuncaqları gizlətmək və ya qadağan olunmuş qidaları gizlicə yemək kimi elementar aldatma davranışları nümayiş etdirir.
Valideynlərin cavablarına əsasən, uşaqlar üç yaşına çatdıqda bu davranışlar daha yaradıcı və tez-tez rast gəlinən hala gəlir.
Bristol Universitetinin təhsil professoru və tədqiqatın aparıcı müəllifi Elena Hoicka bildirib ki, araşdırma uşaqlarda aldatma anlayışının gözləniləndən daha erkən yaşlarda formalaşdığını göstərir.
