Bakı. Trend:
İran hazırda davam edən hərbi eskalasiya ilə əlaqədar hər hansı tərəfə atəşkəs üçün müraciət etməyib.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran bu müharibənin bir daha təkrarlanmayacaq şəkildə bitməsini istəyir.
Əraqçi qeyd edib ki, İran öz müqavimətini heç bir problem olmadan davam etdirir:
"İranın özünü müdafiə etməkdə heç bir şübhəsi yoxdur və müharibəni istənilən istiqamətə qədər davam etdirmək gücü var".
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
